Qədim Tiflis

Mirzə Məmmədoğlu

Müəllif: Mirzə Məmmədoğlu

Hər bir ölkənin toponomiyası bir çox cəhətdən maraqlıdır. Toponimlər qədim torpaqlara aid tarixi gerçəkliklərin daha yaxından öyrənilməsinə imkanlar verir.
Toponomika (yunanca topos — yer, onyma — ad deməkdir) onomastikanın tərkib hissəsi olaraq, coğrafi adları (toponimləri), onların mənasını, quruluşunu, mən-şəyini və yayılma arealını öyrənir. Hər hansı bir ərazidəki toponimlərin məcmusu onun toponomiyasını təşkil edir. Bir sıra toponimlərdə qədimdən müəyyən ərazidə yaşamış xalqların dillərinə məxsus arxaizmlər, dialektlər uzun müddət qorunub saxlanıldığından, toponimika dil tarixinin öyrənilməsində mühüm mənbə sayılır.
Toponim dilin leksik vahididir. Toponimlər tamamilə dialekt və şivələr də əlavə olmaqla dilin lüğət tərkibindən qat-qat çoxdur.
Gürcüstanda 5000-dən çox yaşayış məntəqəsi vardır ki, onların da çoxunun ayrı-ayrılıqda hərəsinin 150-200 toponimi qeydə alınmışdır. Ümumiyyətlə, respublikada bütün mikro toponimləri təxmini hesablasaq və bəzilərinin az, bəzilərinin çox olduğunu nəzərə alsaq, orta hesabla lap elə 50 götürsək, hər halda yenə 250 000-dək toponim alınar. Halbuki, gürcü dilinin 8 cildlik izahlı lüğətində cəmisi 113 min söz vardır. Başqa xalqlarda toponimlərin sayı daha da çoxdur. Məsələn, V. A. Nikonovun «Toponomikaya giriş» kitabında yazdığına görə «İsveçdə 12 milyon toponim vardır».

1Mən bu kitabımda dünyanın ən gözəl və qədim şəhərlərindən biri olan Tiflisin bizim üçün də maraqlı olan toponimlərindən qismən də olsa söhbət açacağam. Tiflis toponomiyasının əsas fondunu türk, fars, ərəb mənşəli adlar, sözlər təşkil edir.

Tiflis mənim üçün də əzizdir, doğmadır. Çünki onun qoynunda doğulmuşam. Uşaqlığım, yeniyetmə çağlarım başqa-başqa yerlərdə keçsə də, burda əmək fəaliyyətinə başlamışam. Burda ailə qurub bu yaşa çatmışam.
Tiflis toponimlərinə gəldikdə isə, deyə bilərəm ki, bu mövzu məni çoxdan narahat edirdi. Hələ Azərbaycan Dövlət Universitetində təhsil aldığım illər toponimikaya böyük həvəs göstərirdim. Odur ki, diplom işim də o vaxtlar yaşadığım el-obanın (Marneul rayonunun Alget kəndi) toponimləri barəsində oldu. O vaxtlar dövlət komissiyası tərəfindən işim yüksək qiymətləndirildi və bu sahədə axtarışlarımı davam etdirməyi mənə tövsiyə etdilər.
Tiflis toponimləri üzərində işləyərkən bir-birinə zidd olan bir çox mənbələrə baş vurmaqla yanaşı, Tiflisin bəzi qocaman sakinlərinə də müraciət etdim. Əldə etdiyim məlumatları bir-birilə müqayisə və təhlil etdim. Tiflis ilə əlaqəsi olan görkəmli şəxslərin xatirələrindən parçaları əlavə etdim. Müxtəlif rəssamların qədim Tiflisə aid rəsm əsərlərinin reproduksiyalarını, Tiflisin qədim yerlərini əks etdirən foto şəkilləri toplayaraq bu kitabın daha dolğun və gözəl çıxmasına səy göstərdim.
Əziz oxucu, istəyimə nə dərəcədə nail olmağım sizin rəyinizdən asılıdır. Müəyyən təklif və iradlarınızı bildirəcəyinizə görə irəlicədən minnətdarlığımı bildirirəm.ardi

Реклама